Bakı Fond Birjasında SOCAR istiqrazları əsas seqmentdə listinqə alınıb

2021.09.06 18:08 (UTC+04:00)

Sentyabrın 6-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi dəyəri 100 milyon ABŞ dolları olan istiqrazları əsas bazar seqmentində listinqə daxil edilib.

BFB-dən bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 100 min ədəd, nominal dəyəri min dollar, illik faiz dərəcəsi 4,5 faiz, tədavül müddəti 5 ildir. Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Abunə yazılışı sentyabrın 20-dən başlayacaq və oktyabrın 29-dək davam edəcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə əsas anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bakı Fond Birjasının üzvü olan bütün investisiya şirkətləri abunə yazılışında iştirak edəcək. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.