Yaponiya Rusiyanın Kuril adalarında xüsusi vergi rejimi tətbiq etməsinə qarşı çıxıb
2021.09.07 13:53 (UTC+04:00)
Yaponiya hökuməti bəyan edib ki, Kuril adalarında xüsusi vergi rejiminin tətbiqi və şirkətlərin bu əraziyə dəvət olunması Yaponiyanın mənafeyinə, eləcə də bu adalarda birgə iqtisadi fəaliyyət barədə Yaponiya ilə Rusiya arasında əldə edilmiş razılaşmanın şərtlərinə ziddir. Yaponiya hökumətinin baş katibi Katsunobu Kato öz ölkəsinin bu barədə Rusiya tərəfinə xəbərdarlıq etdiyini bildirib.
“Bu, dərin təəssüf doğurur. Bizim hökumətimiz buna israr edir ki, xüsusi iqtisadi zonanın yaradılması ölkəmizin mənafeyinə uyğun deyil, birgə iqtisadi fəaliyyət isə iki ölkədən heç birinin hüquqi mövqelərinə zidd olmamalıdır”, - cənab K.Kato mətbuat konfransında vurğulayıb.
Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin bundan əvvəl Şərq İqtisadi Forumunda Kuril adalarında mənfəət, əmlak, torpaq və nəqliyyat vergilərinin ləğv ediləcəyini, 10 il müddətinə aşağı dərəcə ilə 7,6 faizlik sığorta tutulacağını bildirmişdi. Prezident vurğulamışdı ki, bu güzəştlərdən “Kuril adalarından sadəcə qeydiyyatda olan şirkətlər deyil, adalarda real işləyən şirkətlər” istifadə edə biləcəklər.