Vergi Məcəlləsinin 166.7 maddəsinə əsasən, ödəmə dedikdə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buradan aydın olur ki, ƏDV üzrə öhdəlik, ƏDV depozit hesabına daxil olan məbləğə görə deyil, əsas məbləğə görə yaranır.
Misal 1: Tutaq ki, “A” MMC-nin müştərisindən bank hesabına 1.000 manat, ƏDV depozit hesabına 360 manat pul vəsaiti mədaxil olmuşdur. Bu zaman vergi ödəyicisinin 180 manat (1000*18%=180) ƏDV öhdəliyi yaranır.
Misal 2: Müəssisənin digər müştərisi alınmış mallara görə ƏDV depozit hesabına 540 manat ödəsə də, əsas məbləği ödəməmişdir. Bu zaman müəssisənin heç bir ƏDV öhdəliyi olmayacaqdır.
Misal 3: Üçüncü müştəri alınmış mallara görə 2.000 manat əsas məbləği bank hesabına ödəmiş, ƏDV məbləğini isə ƏDV depozit hesabına ödəməmişdir. Bu zaman müəssisənin əsas məbləğə görə 360 manat (2000*18%=360) ƏDV öhdəliyi yaranacaqdır.
Vergi Məcəlləsinin 58.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.