Çin və Rusiya hökumətləri vergi siyasəti, standartlaşma və avtomobil daşımaları kimi məsələlərdə iki dövlət arasında mübahisələrin aradan qaldırılmasına şərait yaradan addımlar atmaq barədə razılığa gəliblər. Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin ticarət, iqtisadiyyat və investisiyalar sahəsində maneələrin və məhdudiyyətlərin aradan qaldırılmasına həsr olunmuş danışıqların növbəti raundu barədə açıqlamasında bu barədə məlumat verilib.
“Biz Çin tərəfdaşlarımızla bir sıra mübahisəli məsələlərin, o cümlədən vergi siyasəti və standartlaşma, avtomobil daşımaları sahələrində mövcud olan problemlərin yoluna qoyulması üçün konkret addımların atılması barədə razılığa gəldik. Qarşımızda duran vəzifə biznesimizin və müəssisələrimizin işi üçün maksimum əlverişli şərait yaratmaqdır ki, bu, bizə ixracı artırmaqda və yeni iş yerləri yaratmaqda kömək edəcək”, - ikitərəfli əməkdaşlığın inkişafı departamentinin rəhbəri Aleksandra Danilova bildirib.