Qazaxıstanda ölkədaxili karbon vergisinin tətbiqi planlaşdırılır

2021.09.01 14:21 (UTC+04:00)

Qazaxıstan hökuməti Avropa İttifaqının (Aİ) tətbiq etdiyi transsərhəd karbon vergisini tam ödəməyin qarşısını almaq üçün daxili karbon vergisinin tətbiqi ilə bağlı təşəbbüs üzərində işə başlayıb. Bu vergidən əldə ediləcək vəsaitin isə ölkədə həyata keçirilən “yaşıl layihələrə” yönəldirilməsi nəzərdə tutulur.

Qazaxıstanın energetika naziri Nurlan Noqayev bu barədə mətbuata açıqlama verərək deyib: “Biz enerji ehtiyatları istehlakının karbon vergisinə cəlb edilməsi, idxal və ixrac edilən məhsullar üçün karbon rüsumunun tətbiqi, eləcə də karbon fondunun yaradılması üzərində işləyirik”. Onun sözlərinə görə, belə bir addımın atılması Aİ-də transsərhəd karbon vergisinin tam ödəməyin qarşısını almağa kömək edəcək.

“Yeni vergidən əldə olunacaq vəsait isə iqtisadiyyatın dərindən karbonsuzlaşdırılması məqsədimizə nail olmaq üçün iqlim layihələrinin həyata keçirilməsinə yönəldiləcək”.

Nazir qeyd edib ki, Qazaxıstan hasilat zamanı qazın məşəldə yandırılmasının, neftayırma zavodlarında istixana qazının atmosferə buraxılmasının azaldılması, eləcə də bərpa olunan enerji mənbələri sektorunun inkişaf etdirilməsi və energetika sahəsinin yenidən qurulması istiqamətində layihələr hazırlayır.