Faizlərdən ödəmə mənbəyində verginin hesablanması

2021.09.03 17:18 (UTC+04:00)

Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, həmin müqavilə kredit müqaviləsi adlandırılır. Yəni müəssisə faizsiz borc pul götürdükdə belə, Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən kreditlər üzrə orta faiz dərəcəsinə əsasən faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq həmin məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bu da nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda, Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən, qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Mərkəzi Bankın dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Vacib məsələlərdən biri də budur ki, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin əldə etdiyi faiz gəliri mənfəət vergisinin vergitutma obyektidir. O səbəbdən müəssisəyə faiz ödəyən zaman 123.1-ci maddəsinə əsasən, 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergi tutmalı, müəssisə isə illik mənfəət vergisi hesabatında ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri təqdim etməklə ödəmə mənbəyində tutulmuş həmin vergi məbləğini hesablanmış illik mənfəət vergisindən çıxmalıdır.Təsdiqedici sənədlər təqdim edilmədikdə isə müəssisənin əldə etdiyi faiz gəliri tam olaraq 20 faiz dərəcəsi ilə vergiyə cəlb ediləcəkdir.

Misal: “A” MMC borc müqaviləsi əsasında fiziki şəxsdən qısamüddətli dövrdə illik 15 faizlə 50.000 manat borc götürmüşdür. Bu zaman:

Borc faizi 50000x15%=7500 manat

ÖMV=7500x10%=750 manat

Qeyd: "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.4.6-cı maddəsinə əsasən, əgər təsisçi və ya qarşılıqlı surətdə asılı olan digər şəxs müəssisəyə faizsiz borc verərsə, bu halda borc alan və borc verən hər ikisi vergi ödəyicisi kimi uçotda olan şəxslər olduqda, bu borcun verilməsi və qaytarılması mütləq nağdsız qaydada həyata keçirilməlidir. Bu əməliyyatlar nağd qaydada yalnız o halda həyata keçirilə bilər ki, borc alan və ya borc verən vergi ödəyicisi kimi uçotda olmasın və qanun 3.3 maddəsinə əsasən təqvim ayı ərzində 30.000 manatdan və ya 15.000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.