Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi

2021.09.01 10:07 (UTC+04:00)

Vergi Məcəlləsində 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən onların mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilmişdir. Beləliklə, hazırda qüvvədə olan qanuna əsasən, ƏDV ödəyicisi olan hüquqi şəxs tərəfindən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin 1 yanvar 2020-ci il tarixdən sonra təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 104 və 159-cu maddələrinin tələblərinə görə müəyyən edilmiş ümumi qaydada ƏDV və mənfəət vergisinə cəlb edilir.

Vergi Məcəlləsinin 114.3.1-ci maddəsində göstərilir ki, torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclərə, binalara, tikintilərə və qurğulara illik 7 faizədək amortizasiya hesablanmalıdır. Bununla belə, Məcəllənin 114.6-cı maddəsinə əsasən, vergi ilində təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə amortizasiya xərci hesablanmır.

Misal: Tutaq ki, "A" MMC ƏDV ödəyicisidir və mülkiyyətində ilkin dəyəri 98.000 manat olan və yığılmış amortizasiyası 13239.8 manat olan qeyri-yaşayış sahəsini 177.000 manata satmışdır.

ƏDV= 177000/1.18*18%=27000 manat;

Mənfəət vergisi = (177000-27000-84760.2)*20%=13047.96 manat;

Beləliklə MMC 27.000 manat əlavə dəyər vergisi və 13047.96 manat isə mənfəət vergisi ödəyəcəkdir.