Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin imzaladığı sərəncama əsasən, ölkədə turistlərdən tutulan verginin tətbiqi iki il müddətinə dayandırılıb.
“2021-ci il sentyabr ayının 1-dən 2023-cü il sentyabr ayının 1-dək turizm yığımının hesablanılması və ödənişi dayandırılsın”, - prezident fərmanında qeyd edilib. Hazırda əcnəbilərin, Özbəkistan vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin mehmanxanada bir günlük qalması üçün onlardan 980 sum (təxminən 1,6 manat) vergi tutulur.
Bu yığımdan əldə edilən vəsaitlər isə vergitutma bazasına daxil edilmir və ölkədə daxili turizmin inkişafı və stimullaşdırılması istiqamətində keçirilən tədbirlərin maliyyələşdirilməsinə xərclənir.
Qeyd edək ki, 2021-ci ilin mart ayına qədər turizm vergisi yalnız əcnəbi vətəndaşlardan tutulsa da, həmin tarixdən siyahıya ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər də əlavə edilmişdir.