Yaşa görə müavinətlərin məbləği 80 faizə yaxın artırılacaq

2019.03.18 14:31 (UTC+04:00)

Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 25 fevral 2019-cu il tarixli sərəncamı ilə yaşa görə aylıq müavinətlərin aprelin 1-dən 80 faizə qədər artırılaraq 73 manatdan 130 manata çatdırılacağı gözlənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda ölkəmizdə 60 min nəfərə yaşa görə aylıq müavinət verilir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yaşa görə müavinət 62 yaşına çatmış qadınlara, 67 yaşına çatmış kişilərə (əmək pensiyası hüquqları olmadıqda və işləmədikdə) təyin edilir. Bununla belə, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar və ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilərə də (əmək pensiyası hüquqları olmadıqda və işləmədikdə) yaşa görə aylıq sosial müavinət təyin edilir.

Sərəncamın əhatə etdiyi əhali qruplarından biri də ailə başçısını itirməyə görə müavinət alanlardır. Sənədə əsasən, həmin müavinətin məbləği ailə başçısını itirməyə görə müavinət alan ailə üzvlərinin hər biri üzrə 68 manatdan 80 manata çatdırılacaq. Hazırda ümumilikdə 46 min nəfər bu müavinətlə təmin olunur.