İdxal-ixrac əməliyyatları ilə bağlı sahibkarlarla görüş keçirilib

2021.08.30 12:05 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

KOBİA-dan bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən sahibkarların iştirakı ilə təşkil olunmuş görüşdə Dövlət Gömrük Komitəsi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və “Marsol” MMC-nin nümayəndələri də iştirak ediblər. Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilmiş görüşdə sahibkarlar idxal-ixrac əməliyyatları, o cümlədən gömrük rəsmiləşdirməsi, malların, xüsusilə də qida məhsullarının saxlanılması, malların ekspertizası zamanı qarşılaşdıqları çətinliklər barədə məlumat verib, gömrük rüsumlarına və idxal prosedurlarına dair müxtəlif təkliflər səsləndiriblər. Görüşdə iştirak edən müvafiq qurumların nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, KOBİA-nın Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində də KOB dostu ofisi fəaliyyət göstərir. Gömrük xidmətlərindən istifadə edən mikro, kiçik və orta sahibkarlar KOB dostuna müraciət etməklə idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və prosedurları ilə bağlı informasiya, məsləhət, hüquqi yardım, əlaqələndirmə və sair xidmətlərdən istifadə edə bilər. KOB dostu, həmçinin KOB-ların müvafiq sahə ilə bağlı müraciətlərinin KOBİA-nın və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-sahibkar əməkdaşlığı çərçivəsində operativ həll olunmasına dəstək olur.