Vergi bəyannamələri təkmilləşdirilir

2021.08.27 14:29 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin məmnunluğunun təmin edilməsi məqsədilə bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi və sadələşdirilməsi prosesini davam etdirir.

Bəyannamə formalarının təkmilləşdirilməsi, vergi ödəyiciləri üçün daha rahat və səmərəli bir formaya gətirilməsi məqsədilə Dövlət Vergi Xidmətində yaradılmış müvafiq işçi qrupu tərəfindən aparılmış təhlillər nəticəsində məlumat bazasının genişləndirilməsi ilə əlaqədar bəyannamələr və onların əlavələrinin formalarında düzəlişlər edilməsinə zərurət yarandığı müəyyən olunub.

Bununla əlaqədar “Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, “Mədən vergisinin bəyannaməsi” və onların əlavələrinin formalarına, o cümlədən tərtib edilməsi qaydalarına dəyişiklik edilib.

Yeni bəyannamə formaları və onların tərtib edilmə qaydaları ilə Dövlət Vergi xidmətinin rəsmi saytında

(https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar) tanış olmaq mümkündür.

Qeyd edək ki, bəyannamə (hesabat) formaları ilə praktiki işləyən vergi ödəyicilərinin də fikirlərinin və təkliflərinin öyrənilməsi məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi saytında “Bəyannamə formalarına dair təkliflərin verilməsi” adlı bölmə fəaliyyət göstərir

(https://www.taxes.gov.az/az/page/beyanname-formalarina-dair-tekliflerin-verilmesi).

Vergi ödəyiciləri bütün növ vergi bəyannamələrinin formaları və məzmunları ilə bağlı təkliflərini həmin bölmə vasitəsilə Dövlət Vergi Xidmətinə göndərə bilərlər. Bəyannamə formaları ilə bağlı bütün təkliflər bu məqsədlə yaradılmış müvafiq işçi qrupu tərəfindən diqqətlə öyrənilir və təhlil edilir.