Sumqayıt Kimya Sənaye Parkının rezidenti istehsal həcmini artırır

2021.08.26 16:38 (UTC+04:00)

“SumPlast” MMC 2017-ci ilin dekabrında Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və 2020-ci ildə istehsal fəaliyyətinə başlayıb.

Müəssisədə Almaniya texnologiyası əsasında FFS filmlərin (polietilen kisələr) istehsalı həyata keçirilir. İnvestisiya dəyəri 3,3 milyon ABŞ dolları olan müəssisədə 30 nəfər daimi işlə təmin edilib.

İndiyədək şirkət tərəfindən 5 milyon manata yaxın satış həyata keçirilib. İstehsal olunan məhsullar daxili bazara çıxarılır və daha çox Azərikimya İstehsalat Birliyinin və “SOCAR Polymer” MMC-nin istehsal məhsullarının qablaşdırılmasında istifadə edilir.

Bundan başqa “SumPlast” MMC tərəfindən məhsullarının xarici bazarlara ixracı istiqamətində danışıqlar aparılır və nümunə üçün məhsullar artıq bir sıra Avropa ölkələrinə təqdim edilib.