Bazarda bərabər seçim hüququnun təmin edilməsi istiqamətində müsbət tendensiyalar yaranır

2021.08.26 12:55 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarda hökmran mövqedən sui-istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Bir müddət əvvəl Dövlət Xİdməti tərəfindən sement və klinker bazarında aparılmış araşdırmalar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə "Norm" ASC-yə qarşı işin qaldırılması ilə nəticələnmişdi. ASC-nin Dövlət Xidmətinə ünvanladığı müraciətdə bildirilir ki, müəssisə Dövlət Xidmətinin göstərişlərinə dərhal reaksiya verərək həmin sahədə seçim hüququnun məhdudlaşdırılması elementlərini tədricən aradan qaldırıb.
Müraciətdə şirkətin tərəfdaşları ilə bağladığı müqavilədə qanunazidd bəndlərin dəyişdirildiyi və gələcəkdə bu cür hallara yol verilməməsi üçün müvafiq tədbirlərin görüləcəyi vurğulanıb. Bununla yanaşı, sementin topdan satışı zamanı bazar iştirakçıları üçün bərabər seçim hüququnun təmin edilməsi, digər sahibkarlar və istehlakçıların mənafeyinin qorunması məqsədilə satış şərtləri və digər aidiyyəti məlumatlar şirkətin rəsmi internet səhifəsində yerləşdirilib və bu istiqamətdə müraciət mexanizminin asanlaşdırılması üçmün xüsusi bölmə yaradılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti