ABŞ parlamentinin Nümayəndələr Palatası Co Baydenin təqdim etdiyi büdcə layihəsini təsdiqləyib
2021.08.26 13:41 (UTC+04:00)
ABŞ Prezidenti Co Baydenin iqtisadi planının mühüm tərkib hissəsi olan 3,5 trilyon məbləğində büdcə layihəsinin vergi tənzimlənməsində də müəyyən dəyişikliyə səbəb olacağı gözlənilir.
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi büdcənin təfərrüatlarının müəyyənləşdirilməsi üçün Senat ilə birlikdə işləyəcəklərini bildirib.
Prezident Co Bayden isə Ağ evdə keçirdiyi mətbuat konfransında Nümayəndələr Palatasının qərarından məmnun olduğunu deyərək Amerika xalqına sərmayə qoymağa bir addım da yaxınlaşdıqlarını qeyd edib.
Co Baydenin iqtisadi planının ikinci mərhələsini təşkil edən 3,5 trilyon dollarlıq büdcə layihəsinə sosial təhlükəsizlik proqramları və iqlim siyasətinə dair investisiyalar daxildir.
Təsdiqlənmiş büdcə çərçivəsində ödənişli ailə və sağlamlıq icazələrinin genişləndirilməsi, uşaqlara qulluq proqramları, ödənişsiz məktəbəqədər təlim, “Medicare” tibb sığortasının əhatəsinin genişləndirilməsi, ekoloji baxımdan təmiz enerjinin stimullaşdırılması üçün vergi təşviqlərinin təmin olunması və elektriklə işləyən nəqliyyat vasitələrinin sayının artırılması istiqamətində tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulub.