Dövlət Vergi Xidmətindən bildirilir ki, xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota alınması barədə verilən ərizəyə aşağıdakılar əlavə edilməlidir:
• xarici hüquqi şəxsin qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və onun təsisçisi (təsisçiləri) olan xarici hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayı yolla paya malik fiziki şəxslər barədə məlumatın da daxil olduğu ticarət reyestrindən çıxarış;
• xarici dövlətin rezidentinin səlahiyyətli orqanının Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərarı;
• təsis sənədləri;
• rezidentliyi barədə vergi orqanları tərəfindən təsdiq edilmiş sənəd;
• Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər);
• bölmənin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;
• Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr və gəlir mənbələri barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat.
Əsaslandırma: Vergi Məcəlləsinin 33.8.4.-cü maddəsi.