İran “Taliban”la ticarət sazişi imzalayıb

2021.08.24 14:12 (UTC+04:00)

Beynəlxalq səviyyədə özünə legitimlik axtaran “Taliban” rəhbərliyi ilə İran hökuməti maye yanacaq ixracına dair ticarət saziş imzalayıb. “Taliban” gömrük vergisinin dərəcəsini aşağı saldıqdan sonra Əfqanıstana benzin və mazut satmağı qərara alan İran bununla “Taliban”ı ticarət səviyyəsində tanıyan ilk ölkə olub.
Yarımrəsmi “Mehr” informasiya agentliyinin məlumatına əsasən, İranın Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları Birliyinin təmsilçisi Həmid Hüseyni bildirib: “Taliban” İrandan alınan yanacaq üçün gömrük tariflərini 70 faiz səviyyəsində aşağı saldığına görə İran Əfqanıstana maye yanacaq ixracatını bərpa edib”.
Bununla belə, xəbərdə İran iş adamlarının Əfqanıstanla münasibətlərə ehtiyatla yanaşdıqları vurğulanır.
Qeyd edək ki, İran hökuməti Əfqanıstandakı son hadisələr və təhlükəsizlik tədbirləri çərçivəsində bu ölkəyə maye yanacaq ixracatını avqust ayının 6-da dayandırmışdı.