Hindistanın Kanpur şəhərində vergidən yayınmaq üçün özünü meyvə və tərəvəz alverçisi, kiçik köşk sahibi, köhnə əşyalar toplayan xırdavatçı kimi tanıdan 250 nəfərin uzun müddət vergi ödəmədikləri aşkara çıxıb.
Vergi orqanlarının əməkdaşlarının açıqlamasına görə, bu şəxslər ümumilikdə 37 milyon rupi (təxminən yarım milyon dollar) pulu təkcə daşınmaz əmlak almağa xərcləyiblər. Metal qırıntısı toplayanlardan bəzilərinin üç və daha artıq avtomobili var. Bəziləri isə iri kənd təsərrüfatı obyektlərinə malikdirlər.
Açıqlamada bildirilir ki, vergi qaçaqları öz sərvətlərini vergi orqanlarının müvafiq proqram təminatının olmaması sayəsində dövlətdən gizlədə biliblər. Ən azından 65 nəfər ərzaq malları mağazası və əczaçılıq obyektinin sahibi öz biznesini qeydiyyata aldırmadan uzun müddət fəaliyyət göstərib. Onlardan bəziləri satın aldıqları daşınar və daşınmaz əmlakı ailə üzvlərinin adlarına rəsmiləşdirib, yaxud qanunazidd sxemlərdən istifadə ediblər.