Yanvar-iyun aylarında Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta vəsaitlərinin satışları üzrə hərracların təşkili davam etdirilib.
Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda qeyd olunur ki, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. 2021-ci ilin 6 ayında Mərkəzi Bankda ümumilikdə 47 valyuta hərracı keçirilib. Yanvar ayında valyuta bazarında tələb artsa da, fevraldan başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunub. Dövr ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Altı ayda manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1.6993 manat, orta satış məzənnəsi isə 1.7024 manat təşkil edib. Dövr ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib. Belə ki, manatın məzənnəsi avroya, türk lirəsinə, İsveçrə frankına və yapon yeninə qarşı bahalaşıb. Manat bu dövrdə funt-sterlinqə, rus rubluna, Ukrayna qrivnasına və gürcü larisinə qarşı ucuzlaşıb.
İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Ümumilikdə, dövr ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 1,7 faiz, real effektiv məzənnəsi isə 1 faiz bahalaşıb. Azərbaycandakı inflyasiyanın ticarət tərəfdaşı olan ölkələr üzrə orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir göstərib.