Sərnişin və yükdaşıyan şəxslərin vergi və sosial ödənişləri

2021.08.23 14:09 (UTC+04:00)

ƏDV qeydiyyatına könüllü qaydada durmadan ölkə daxilində sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər bu fəaliyyət növü üzrə təqvim ayının sonunadək vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə ödəməklə, ödəniş sənədləri və ərizə ilə birlikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edərək “Fərqlənmə nişanı” almalıdırlar.

Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə sənədləri Bakı Nəqliyyat Agentliyinə təqdim etməklə hesabat blankını əldə etmək olar. Ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” istəyə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün verilir.

Vergi Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələri ilə sərnişin və yükdaşıma həyata keçirən vergi ödəyiciləri üçün aylıq sadələşdirilmiş verginin məbləği aşağıdakı kimi müəyyən olunub:

Daşınma növü

Sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidi

Sadələşdirilmiş verginin aylıq məbləği (manatla)

Sərnişin daşınması (taksi istisna olmaqla), oturacaq yerlərinin sayına görə:

1 oturacaq yeri üçün

1,8

Taksi ilə sərnişin daşınması

1 ədəd nəqliyyat vasitəsi üçün

9,0

Yük daşınması

yükgötürmə qabiliyyəti üçün (hər tona)

1,0

Yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük daşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi yuxarıda qeyd edilən cədvəldə göstərilən sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında - 2,0;

- Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında - 1,5;

- Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında - 1,0.

Həmin şəxslər üçün məcburi dövlət sosial sığorta haqlarının məbləğinə gəldikdə isə, “Sosial sığorta haqqında” Qanunun 14.5.1-1.10 maddəsinə əsasən, bu fəaliyyət növü üzrə "Fərqlənmə nişanı" alarkən minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir:

250x6% = 15 manat.

Həmin qanunun 14.5.1-2 maddəsinə görə, bu məbləğə aşağıdakı əmsallar tətbiq edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

- Digər şəhər və rayonlarda – 1,0.

Bundan əlavə, sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, bu fəaliyyət üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidir:

250x 4% = 10 manat.

Misal 1: Fiziki şəxs Bakı şəhərində taksi ilə sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. Bu zaman verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının aylıq məbləği aşağıdakı kimi hesablanacaq:

Taksi fəaliyyətinə görə sadələşdirilmiş verginin aylıq məbləği - 9 x2 =18 manat.

Məcburi dövlət sosial sığorta haqqının aylıq məbləği - 250 manat x 6 % x2 = 30 manat.

İcbari tibbi sığorta haqqının aylıq məbləği - 250 manat * 4 % = 10 manat.

Beləliklə, Bakı şəhərində taksi ilə sərnişin daşıyan fiziki şəxsin vergi və sosial ödənişləri ümumilikdə 58 manat təşkil edir: 18+30+10 = 58 manat

Misal 2: Fiziki şəxs oturacaqlarının sayı 25 ədəd olan mikroavtobus ilə Bakı şəhərində sərnişin daşıyır. Bu zaman verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının aylıq məbləği aşağıdakı kimi hesablanır:

Oturacaqların sayı 25 ədəd olduğundan sadələşdirilmiş verginin aylıq məbləği - 25x1,8 manat x 2 = 90 manat.

Məcburi dövlət sosial sığorta haqqının aylıq məbləği - 250 manat (minimum aylıq əməkhaqqı)x 6 %x2 əmsal = 30 manat.

İcbari tibbi sığorta haqqının aylıq məbləği - 250 manat x4 % = 10 manat.

Beləliklə, 25 yerlik mikroavtobusla Bakı şəhərində sərnişin daşıyan fiziki şəxsin vergi və sosial ödənişləri ümumilikdə 130 manat təşkil edir: 90+30+10=130 manat

Bu fəaliyyətlə bağlı yalnız icbari tibbi sığorta haqqı üzrə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” vergi orqanına təqdim edilir. Vergi və məcburi dövlət sosial sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən tam məbləğdə ödənilir. İcbari tibbi sığorta haqqı isə hər ay üçün hesablanır, sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağdsız hesablaşma qaydasında aidiyyəti fonda ödənilir.

Diqqət! Fəaliyyətin göstərilib- göstərilməməsindən asılı olmayaraq ödənilmiş vergi və məcburi dövlət sosial sığorta haqqı geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarımil və il) vergiləri və məcburi dövlət sosial sığorta haqları ilə ilə əvəzləşdirilmir.