Ölkəmizdə pensiyaçılar əhalinin 12,1 faizini təşkil edir

2021.08.20 18:13 (UTC+04:00)

Bu il iyulun 1-dək Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214 min 100 nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil edib və orta aylıq əməkhaqqının 45,4 faizinə bərabər olub.

Prezident İlham Əliyevin ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2021-ci il fevralın 5-də imzaladığı Sərəncamla orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bu il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb. Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, bu il iyulun 1-dək yaşa görə müavinət alanların sayı 109,2 min nəfər, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə 158,5 min nəfər, ailə başçısını itirməyə görə 48,8 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqlar 54,4 min nəfər, digər müavinət növlərini alanlar isə 23,7 min nəfər olub.