Aprelin 1-dən çoxuşaqlı anaların və hərbi qulluqçuların uşaqlarına ayrılan müavinətlərin məbləği artırılacaq. Prezident İlham Əliyevin 2019-cu il fevralın 25-də imzaladığı sərəncama əsasən, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin məbləği 55 manata çatdırılacaq. Məsələn, ailədə 6 uşaq varsa, həmin ailəyə qeyd olunan müavinət kimi aylıq 330 manat vəsait ödəniləcək (hazırda bu rəqəm 198 manat təşkil edir). Qeyd edək ki, ölkəmizdə beşdən çox uşağı olan qadınların uşaqlarının sayı 9 min nəfərdir.
Sərəncam müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18) yaşa çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin də məbləğinin artmasını nəzərdə tutur. Aprelin 1-dən həmin müavinət 68 manatdan 100 manata qaldırılacaq. Hazırda bu növ müavinət 120 uşağa ödənilir.