Rusiya Dövlət Dumasına pensiya yaşının əvvəlki həddə qaytarılması ilə bağlı qanun layihəsi təqdim olunub
2021.08.20 12:54 (UTC+04:00)
Rusiya parlamentində kommunistlərin fraksiyası partiyanın lideri Gennadi Zyuqanovun və senator Vasili İkonnikovun rəhbərliyi ilə yeni qanun layihəsi hazırlayaraq Dövlət Dumasına təqdim edib. Layihə 2022-ci ildən ölkədə pensiyaya çıxmaq üçün yaş həddinin aşağı salınmasını nəzərdə tutub. Sənədin izahat vərəqində yazılıb: “Qanun layihəsi pensiya yaşının əvvəlki həddə, kişilər üçün 60, qadınlar üçün 55 yaşa endirilməsinə yönəldilib”.
Rusiya Federasiyası Kommunist Partiyasının mövqeyinə görə, 2018-ci ildə pensiyaya çıxmaq üçün yaş həddini artırmaq əvəzinə, pensiya sisteminin maliyyə təminatı mexanizmini təkmilləşdirmək lazım idi. Məsələn, sosial müdafiə fondunun bir hissəsini vergilərin hesabına formalaşdırmaq olardı.
Qanun layihəsi müəllifləri belə hesab edirlər ki, Rusiya iqtisadiyyatının işçi qüvvəsinin artımına ehtiyacı yoxdur. Onlar insanların pensiyaqabağı səhhətinin pisləşdiyini əsas gətirərək, bunun sosial müdafiə fonduna əlavə yük olduğunu qeyd edirlər. Daha bir arqument də pensiya yaşı həddinin artırılması ilə gənclər arasında işsizliyin çoxalmasıdır.