Niderland şirkətlərdən karbon qazı emissiyalarına görə vergi tutmağı planlaşdırır

2019.03.16 17:14 (UTC+04:00)

Müasir dünyanı narahat edən ekoloji problemlərin həlli üçün təsirli tədbirlərdən biri də atmosferə atılan zərərli maddələrin nəzarətdə saxlanılması məqsədilə bu sahəyə vergi tətbiq olunmasıdır. Artıq Niderland hökuməti də ekoloji vergi tətbiq etməklə bağlı təşəbbüsə qoşulacağını bəyan edib. Ölkənin baş naziri Mark Rütte bildirib ki, hökumət İqtisadi Siyasətin Təhlili Bürosunun hesabatına cavab olaraq belə bir addım atmaq niyyətindədir. Hesabatda ölkənin iqlim dəyişmələri ilə bağlı 2030-cu ilə qədər qarşıya qoyulmuş vəzifələri yerinə yetirə bilməyəcəyindən narahatlıq ifadə olunub. Baş nazirin sözlərinə görə, ölkə hökuməti atmosferi daha çox çirkləndirən şirkətlərdən vergi tutmağı planlaşdırır: "Lakin bu vergi tutularkən ifrata varmaq olmaz, əks halda həmin şirkətlər başqa ölkələrə üz tuta bilərlər”.