Büdcənin icrasında ümumi daxili məhsulun 0,8 faizi qədər profisit yaranıb

2021.08.18 18:17 (UTC+04:00)

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2021-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 14 milyard 49,3 milyon manat, xərcləri 13 milyard 681,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 367,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,8 faizi qədər profisit yaranıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 11 milyard 761,2 milyon manat, xərcləri isə 11 milyard 590,5 milyon manat təşkil edib. Daxilolmaların 21,3 faizi əlavə dəyər vergisi, 14 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,5 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,9 faizi fiziki şəxslərin gəlir vergisi, 4,5 faizi aksizlər, 1,2 faizi sadələşdirilmiş vergi, 2 faizi vergilərin digər növləri, 46,6 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 21,9 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 18,9 faizi təhsil və səhiyyənin, 14,6 faizi ümumi dövlət xidmətlərinin, 14,4 faizi sosial müdafiə və sosial təminatın, 7,4 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrində fəaliyyətin, 22,8 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.