Müəssisələrin yenidən təşkilində vergi öhdəlikləri

2019.03.17 12:27 (UTC+04:00)

Vergi Məcəlləsinin 80-ci maddəsinə görə, yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini onun hüquqi varisi (varisləri) bu maddədə müəyyən edilmiş qaydada yerinə yetirir. Mövzunu iqtisadçı ekspert Rəşad Əliyev şərh edir.

Müəssisələrin yenidən təşkili müxtəlif ssenarilərdə olur. Bura hüquqi şəxslərin bölünməsi, onların birləşdirilməsi, birinin digər hüquqi şəxsi özünə birləşdirməsi və ya eyni hüquqi şəxsin digər formada yenidən təşkili aiddir. Ssenaridən asılı olmayaraq, yenidən təşkil olunan hüquqi şəxsin vergi öhdəlikləri onun hüquqi varisi tərəfindən icra edilir. Tez-tez rast gəlinən hallardan biri də hüquqi şəxsin yenidən təşkil olunması, başqa sözlə, hüquqi şəxsin təşkilati-hüquqi formasının dəyişdirilməsidir. Məsələn, MMC kimi fəaliyyət göstərən hüquqi şəxs QSC olur və ya digər ssenarilər baş verir. Bu cür hallarda da vergi öhdəlikləri hüquqi varis olan yeni müəssisə tərəfindən icra edilir. Əslində isə hüquqi şəxs vahid kimi eyni qalır. Ən mürəkkəb proses hüquqi şəxslərin birləşdirilməsi və yə bölünməsidir. Birləşmə prosesi iki səbəbdən - 2 müəssisənin birləşməsi və ya birinin digərini özünə birləşdirməsi ilə bağlı ola bilər.

Hüquqi şəxsin bölünməsi nəticəsində əmələ gələn hüquqi şəxslər
bölünmüş hüquqi şəxsin vergilərin ödənilməsinə dair öhdəliklərinin
yerinə yetirilməsi üzrə hüquqi varisləri sayılırlar

Müəssisələrin sayı çox da ola bilər. Bu halda vergi öhdəlikləri hüquqi varisə keçir. Hüquqi varis təkcə birləşmə vaxtına olan borclara görə məsuliyyət daşımır. Onun məsuliyyətinə məlum olmayan (yəni, yeni təşkildən sonra üzə çıxan) vergi öhdəlikləri də aid edilir. Buna görə də birləşən müəssisələr birləşmədən sonra xoşagəlməz hallarla rastlaşmamaq üçün qarşı tərəfin vergi risklərini düzgün qiymətləndirməlidirlər. Çünki birləşmədən sonra müəssisələrdən biri yeni təşkil olunan hüquqi şəxsə problemlər yarada bilər. Risklərin azaldılması alətlərindən ən əsası Vergi Məcəlləsində əksini tapıb. Məcəllənin 38-ci maddəsində növbədənkənar vergi yoxlaması halları nəzərdə tutulub. 38.3.8-ci maddədə bildirilir ki, növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda keçirilə bilər.

Yenidən təşkil prosesində az hallarda hüquqi şəxslərin bölünməsini də müşahidə etmək olur. Məsələn, bir şəxs vahid biznes çərçivəsində müxtəlif fəaliyyət növləri ilə məşğul olursa, bu halda onların ayrılaraq müxtəlif hüquqi şəxslər vasitəsilə fəaliyyət göstərməsinə qərar verə bilər. Və ya ola bilər ki, bir fəaliyyət növü üzrə əlavə investor cəlb etmək üçün həmin hissə ümumi biznesdən ayrılsın. Bəzi hallarda hüquqi şəxslər bölünməyə getmir və sadəcə olaraq həmin aktivləri yaratdığı digər hüquqi şəxsin nizamnamə fonduna qoyur. Lakin bir çox hallarda bu səmərəsiz olur. Çünki ayrılan biznes sahəsi təkcə aktivlərdən yox, həm də öhdəliklərdən ibarətdir. Buna görə də bir fəaliyyət növü üzrə aktiv və öhdəliklərin ümumi biznesdən ayrılması üçün müəssisənin bölünməsinə gedirlər ki, həmin fəaliyyət növü üzrə əlaqəli olan bütün balans elementləri ümumi biznesdən çıxarılsın. Məcəllənin 80.6-cı maddəsinə görə, hüquqi şəxsin bölünməsi nəticəsində əmələ gələn hüquqi şəxslər bölünmüş hüquqi şəxsin vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisləri sayılırlar. Bu halda vergi öhdəlikləri bölüşdürücü balansa və ya digər təhvil aktına uyğun olaraq müəyyənləşdirilir. Bölüşdürücü balans və ya digər təhvil aktı yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin hər bir hüquqi varisinin payını müəyyənləşdirməyə imkan vermirsə və ya hər hansı hüquqi varis tərəfindən vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi imkanını aradan qaldırırsa, yeni yaranan hüquqi şəxslər yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin vergi öhdəliklərini və ya bu öhdəliklərin müvafiq hissəsini yerinə yetirmək üçün birgə məsuliyyət daşıyırlar.

Misal:
Vergi Məcəlləsinin 80.9-cu maddəsinə əsasən hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs çıxdıqda, çıxmış hüquqi şəxslərin yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini yerinə yetirməsi üzrə hüquqi varisliyi yaranmır: bu şərtlə ki, bu cür yenidən təşkil hüquqi şəxsin vergi öhdəliklərinin yerinə yetirilməməsinə yönəldilməmiş olsun. Məsələn, tutaq ki, A müəssisəsi balansından bir sıra elementləri ayıraraq B və C müəssisələrini yaradır. B və C müəssisələri yenidən təşkil olunan A müəssisəsinin vergi öhdəliklərinə görə məsuliyyət daşımırlar. Lakin məlum olsa ki, A müəssisəsindən aktivlərin çıxarılması nəticəsində vergi öhdəliklərinin yerinə yetirilməsi mümkünsüz olur, bu halda həmin addım vergi öhdəliklərinin icrasında yayınma kimi qəbul edilə və beləliklə, B və C müəssisələri tam olaraq öhdəliklər üzrə varis kimi tanına bilərlər.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI