- Rəşad müəllim, layihə haqqında qısaca məlumat verməyinizi xahiş edirik.
- Mərkəzi ofisi Nyu Yorkda yerləşən "Penteston"un əsas məqsədi informasiya təhlükəsizliyinin təmin edilməsi və bu sahədə təhlillərin aparılmasıdır. Tutaq ki, sizin hansısa internet resursunuz, saytınız və ya proqramlarınız var. İnformasiya texnologiyaları sahəsində zəruri bilikləriniz olmadan hər hansı targetə qoşula bilirsiniz. Bu halda əvvəlcə həmin resursa kiber hücumlar haqqında məlumat almaq niyyətinizi bildirirsiniz və sizə müvafiq hesabat göndərilir. Bunun əsasında resursunuzun nə dərəcədə təhlükəli olub-olmadığını müəyyən edə, ümumiyyətlə, hansı hissələrdə boşluqlar olduğunu öyrənə bilərsiniz. Bu zaman 56 alətdən biri seçilərək sistemli test edilir.
- Bu xidmətlərin qiyməti nə qədərdir?
- Qiymətlər aylıq 100 dollardan 1000 dollara qədər dəyişir. Müxtəlif paketlər təklif olunur.
- İnformasiya texnologiyalarının təhlükəsizliyi sahəsində hansı çətinlikləriniz var?
- Azərbycanda ən böyük problemlərdən biri kadr çatışmazlığıdır. Bu, bir çox layihələrin, işlərin outsorslara gedib çıxmasına səbəb olur. Buna görə də xarici şirkətlərin Azərbaycanda informasiya texnologiyaları sahəsində tez bir zamanda müştəri tapmasına şərait yaradır. İlkin olaraq, bu sahədə kadr potensialı genişlənməlidir ki, yeni məhsullar ortaya qoyulsun, digər işlər görülə bilsin. Yəni söhbət təkcə informasiya təhlükəsizliyi deyil, ümumiyyətlə, müasir texnologiya xidmətlərinin təşkilindən gedir.
- Sahibkar kimi, bu sahədə ölkəmizdəki mühiti necə dəyərləndirirsiniz?
- Dünya bazarlarına çıxmaq üçün beynəlxalq ödəniş sistemlərinə qoşulmaq, digər işləri görmək lazımdır. "Penteston" layihəsinin 50 faizinin ABŞ-da tətbiq edilməsinin əsas səbəblərindən biri ödəniş sistemləri ilə bağlıdır. Bizdə bu sahədə bir sıra problemlər mövcuddur. Məsələn, müştəri şəbəkəyə daxil olub "PayPal"la ödəniş etmək istəyirsə, Azərbaycanda buna şərait yoxdur. Ona görə də şirkətləri digər ölkələrdə açmalı və ya keyfiyyətli xidmətlər almaq üçün outsorsinq şirkətlərə müraciət etməli oluruq. Bu isə əlavə xərc deməkdir. İkinci problem Azərbaycanda biznesə yanaşmalarla bağlıdır. Biznesə başlama, ümumiyyətlə biznesə münasibətdə oturuşmuş yalnış münasibətlər bu sahənin investorlar üçün cəlbediciliyinə ciddi zərbə vururdu. Sevindirici haldır ki, son vaxtlar qeyd etdiyimiz yalnış yanaşmalar tədricən aradan qaldırılır.
- Yerli bazarda müştərilərlə münasibətlər hansı səviyyədə qurulub?
- Müştərilərimiz, əsasən, Almaniya və ABŞ-dandır. Biz yerli bazarın inkişafına dəstək olmağa çalışırıq, hətta bəzən layihənin müəyyən hissələrini ödənişsiz də təqdim edirik. Çünki buna bir vətəndaşlıq borcu kimi baxıram. Ancaq məsələnin biznes yönü də unudulmamalıdır. Təhlükəsizlik sahəsində dünya bazarında rəqabət böyükdür.
Hazırladı:
Fərqanə ALLAHVERDİQIZI