Azərbaycan iyulda gündəlik 606 min barel xam neft hasil edib

2021.08.13 15:31 (UTC+04:00)

2021-ci ilin iyulunda ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 717 min barel olub.

Energetika Nazirliyindən bildirilib ki, bunun 606 min barelini xam neft, 111 min barelini isə kondensat təşkil edib. “OPEC+” ölkələri nazirlərinin bu ilin aprelində qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin iyulda 98 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyun ayına nisbətən 10 min barel artırılmaqla 620 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.

Qeyd edək ki, avqustun 1-dən etibarən “OPEC+” ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni “Əməkdaşlıq Bəyannaməsi” qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq “OPEC+” ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.