Pandemiya dövründə dünyadakı milyarderlərin artan gəlirlərinə eyni zamanda 99 faiz dərəcəsi ilə vergi qoyulması bütün dünyanın peyvəndlə təmin olunmasına və bütün işsizlərin 20 min dollar dotasiya almasına imkan yarada bilərmiş. Rusiyada nəşr olunan “Kommersant” qəzetinin yazdığına görə, “Oxfam” təşilatının, Qeyri-bərabərliklə Mübarizə Alyansının, Siyasi Araşdırmalar İnstitutunun və “Patriotic Millionaires” təşkilatının araşdırmasının nəticələri bu qənaətə gəlməyə əsas verir.
Araşdırmada qeyd olunur ki, belə bir verginin tətbiqi 5,4 trilyon dollar vəsait əldə etməyə imkan yarada bilər. Bununla belə, dünyadakı 2700 ən varlı şəxsin sərvəti koronavirus pandemiyasına qədərki dövrlə müqayisədə 55 milyard dollar artıq ola bilər.
Araşdırma müəllifləri hökumətləri koronavirus pandemiyasından “qabağa düşən” izafi zəngin şəxsləri vergiyə cəlb etməyə çağırıblar. Onların mülahizəsinə görə, pandemiya başlanandan bəri milyarderlərin sərvətləri 69 faiz artaraq 13,5 trilyon dollara çatıb. Müəlliflər vurğulayıblar ki, son 17 ay ərzində milyarderlərin sərvətləri son 15 ilin ümumi göstəricisi ilə müqayisədə daha çox artıb.