İlk 7 ayda pərakəndə ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə artıb

2021.08.12 16:23 (UTC+04:00)

2021-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22 milyard 931,1 milyon manatlıq, o cümlədən 12 milyard 379,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 milyard 551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 2,8 faiz artıb.

Yanvar-iyul aylarında son istehlak məqsədilə alınan mallara xərclənmiş vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 13,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-iyul aylarında istehlak mallarının dəyər ifadəsində 27,6 faizi ticarət müəssisələri, 49,5 faizi fərdi sahibkarlar tərəfindən, 22,9 faizi isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,7 faiz, fərdi sahibkarlar üzrə 0,5 faiz artmış, bazar və yarmarkalarda isə 11,0 faiz azalmışdır.

Bu dövrdə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 327,2 manatlıq, o cümlədən 176,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 150,6 manatlıq qeyri-ərzaq malları alıb.