Almaniyada keçən ay inflyasiya göstəricisi son 28 ilin ən yüksək həddinə çatıb

2021.08.12 13:23 (UTC+04:00)

Almaniyanın Federal Statistika İdarəsinin ölkədəki qiymət artımlarına dair son açıqlamasına əsasən, iyun ayında 2,3 faiz olan inflyasiya iyul ayında 3,8 faizə yüksəlib. 1993-cü ilin dekabr ayından bəri ölkədə ən yüksək inflyasiya göstəricisinin qeydə alınmasına səbəb kimi əlavə dəyər vergisi (ƏDV) güzəştlərinin sona çatması, enerji daşıyıcılarının qiymətlərinin yüksək olması və tədarüklə bağlı problemlər göstərilir.
Ölkədə istehlakçı qiymətləri indeksində iyul ayında aylıq hesabla 0,9 faiz artım olub. Enerji daşıyıcılarının qiyməti isə iqlim vergisinin təsiri ilə illik hesabla 11,6 faiz artıb. Motor yanacaqlarında illik 24 faiz, elektrik enerjisi qiymətlərində 1,6 faiz artım qeydə alınıb.
Ərzaq məhsullarının qiyməti iyul ayında illik hesabla 4,3 faiz artıb.
Qeyd edək ki, Almaniya hökuməti COVID-19 epidemiyası ilə əlaqədar tədbirlər çərçivəsində ƏDV dərəcəsini aşağı salmışdı. Keçən il iyulun 1-dən dekabrın 31-dək olan müddət ərzində ƏDV dərəcəsi 19 faizdən 16 faizə, həyati əhəmiyyət daşıyan istehlak mallarında isə 7 faizdən 5 faizə endirilmişdi.