Ermənistanın hərbi təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş zərərlə bağlı vətəndaşlara kompensasiya ödənilməsinə başlanılıb

2021.08.13 13:05 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, qeyd olunan dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində kənd təsərrüfatı fəaliyyətinə zərər dəymiş 980 nəfərin siyahısı müəyyənləşib. Zərərin predmeti kimi iri və xırdabuynuzlu heyvan, at, ev quşu, ot bağlaması, texnika, arı yeşiyi, qazılmış səngərlərə görə bitkilərə dəymiş ziyan, qazılmış səngər və mərmi düşmüş ərazilər üzrə sahədə ziyan dəymiş kənd təsərrüfatı məhsulları götürülüb.

Siyahıya əsasən, hərbi təcavüz nəticəsində Bərdə rayonunda 9, Ağcabədidə 55, Füzulidə 23, Goranboyda (Naftalan) 22, Ağdamda 268, Cəbrayılda 1, Gəncədə 1, Tərtərdə 601 vətəndaşın əkin sahələrinə, kənd təsərrüfatı texnikasına, kənd təsərrüfatı məhsullarına, heyvanlarına zərər dəydiyi təsdiqlənib.

Zərərçəkmiş fermerlərin adlarına bank kartları açılıb, Prezidentin Sərəncamı ilə ayrılan 1,4 milyon manat vəsait kartlara köçürülüb. Kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar Ermənistanın hərbi təcavüzü nəticəsində zərər çəkən fermerlər bu gündən etibarən yaşadıqları ərazi üzrə “Kapitalbank” filiallarından bank kartlarını ala və köçürülmüş vəsaiti bankomatlarda nağdlaşdıra bilərlər.

Zərərin ödənilməsi ilə bağlı əlavə məlumat almaq istəyən fermerlərin 1652 nömrəli telefonla Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzin müraciət etmələri xahiş olunur.