2021-ci ilin birinci yarısında dövlət büdcəsinin xərcləri 12 milyard 70,8 milyon manat proqnoza qarşı 96 faiz və ya 480,3 milyon manat kəsirlə icra olunaraq 11 milyard 590,5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz və ya 140,3 milyon manat az vəsaitin xərclənməsi deməkdir.
Maliyyə Nazirliyindən bildirilib ki, hesabat dövründə büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi 29 faiz səviyyəsində olub və keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz bəndi azalıb. 2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsi xərclərinin funksional təsnifatın bölmələri üzrə proqnoza qarşı icrası müdafiə və milli təhlükəsizlik üzrə 2,3 faiz çox, səhiyyə üzrə 2,7 faiz, sosial müdafiə və sosial təminat üzrə 3 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə 3,8 faiz, əsas bölmələrə aid edilməyən xərclər üzrə 4,5 faiz, ümumi dövlət xidmətləri üzrə 4,6 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət üzrə 5,4 faiz, təhsil sahəsi üzrə 6 faiz, iqtisadi fəaliyyət üzrə 6,8 faiz, kənd təsərrüfatı üzrə 15 faiz, ətraf mühitin mühafizəsi üzrə 20,6 faiz, mənzil, kommunal təsərrüfatı üzrə 27,3 faiz az icra olunub. Bu ilin 6 ayı ərzində dövlət büdcəsi xərclərinin 7 milyard 654,9 milyon manatı və ya 66 faizi cari xərclərə, 3 milyard 052,1 milyon manatı və ya 26,4 faizi əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 500,2 milyon manat və ya 19,6 faiz çox), 883,5 milyon manatı və ya 7,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon manat və ya 0,3 faiz çox) yönəldilib. 2021-ci ilin yanvar-iyun aylarında funksional təsnifata görə dövlət büdcəsinin xərclərində ötən ilin müvafiq dövrü ilə müqayisədə artım faizinə görə ən çox artım 73,9 faiz və ya 1 milyard 76,3 milyon manat müdafiə və milli təhlükəsizlik, 24,6 faiz və ya 163,5 milyon manat səhiyyə xərclərində, ən çox azalma isə 57,4 faiz və ya 599,7 milyon manat əsas bölmələrə aid edilməyən xərclərdə, 31,6 faiz və ya 33,8 milyon manat mənzil və kommunal təsərrüfatı xərclərində olub.