Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 16,4 faiz artıb

2021.08.11 16:47 (UTC+04:00)

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-iyul aylarında 27,5 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 1,6 faiz azalıb, sənayenin qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 16,4 faiz artıb. Sənaye məhsulunun 62,7 faizi mədənçıxarma sektorunda, 31,3 faizi emal sektorunda, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 11,1 faiz artıb. Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, əczaçılıq məhsullarının istehsalı 88,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 68,7 faiz, tütün məmulatlarının istehsalı 62,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 61,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 56,4 faiz, tikinti materiallarının istehsalı 46,7 faiz, elektrik avadanlıqlarının istehsalı 46,7 faiz, kağız və karton istehsalı 31,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,5 faiz, hazır metal məmulatlarının istehsalı 10 faiz, neft məhsullarının istehsalı 8,5 faiz, qida məhsullarının istehsalı 6,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,6 faiz, maşın və avadanlıqların istehsalı 4,8 faiz, içki istehsalı 1,8 faiz, geyim istehsalı 1,2 faiz artıb, kimya sənayesi məhsullarının istehsalı 3,7 faiz, mebel istehsalı 17,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,8 faiz, poliqrafiya məhsullarının istehsalı 50,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 71,3 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,7 faiz artıb.