Cari ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri 12 milyard 177,2 milyon manat proqnoza qarşı 11 milyard 755 milyon manat və ya 96,5 faiz icra olunub.
Maliyyə Nazirliyindən bildirilib ki, dövlət büdcəsi gəlirlərinin 50,1 faizini və ya 5 milyard 896,1 milyon manatını qeyri-neft sektoru üzrə gəlirlər, 49,9 faizini və ya 5 milyard 863,4 milyon manatını neft sektoru üzrə gəlirlər təşkil edib. Bu dövrdə qeyri-neft gəlirləri 12,4 faiz artıb, neft gəlirləri isə 13,5 faiz azalıb. Dövlət büdcəsinin gəlirlərinin əsas payını Dövlət Neft Fondundan transfert (40 faiz və ya 4 milyard 696,7 milyon manat) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar (36,9 faiz və ya 4 milyard 342 milyon manat) təşkil edib. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə fevral və mart aylarında az, digər aylarda çox icra edilib.
2021-ci ilin yanvar-iyun aylarında Dövlət Neft Fondundan transfert çıxılmaqla dövlət büdcəsinin gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz və ya 710,6 milyon manat artaraq 7 milyard 58,3 milyon manat icra edilib. Dövlət Neft Fondundan transfert çıxılmaqla dövlət büdcəsinin gəlirləri proqnoza nisbətən 16,1 faiz və ya 981 milyon manat çox icra edilib ki, bu da illik proqnozun 53,4 faizini təşkil edir. Cari ilin yanvar-iyun aylarında Dövlət Neft Fondundan transfert çıxılmaqla dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar ayında az, digər aylarda çox icra edilib.