Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iki ay əvvəl başladılan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı hər gün artmaqda davam edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, şəhid ailəsi üzvləri, Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafonda iştirak edən işəgötürənlərin sayı artıq 382-yə çatıb. Onlardan 183-ü dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 227-si xidmət, 105-i emal, 32-si kənd təsərrüfatı, 18-i tikinti sahəsinə aiddir.
İşəgötürənlər tərəfindən “Məşğulluq marafonu” çərçivəsində müvafiq e-sistemə daxil edilən vakansiyaların sayı isə 1672-yə çatıb.
Təqdim edilən vakansiyalar üzrə şəhid ailəsi üzvləri, Vətən müharibəsində yaralanmış qazilərin işlə təminatı prosesi də davam edir. Həmin vakansiyalar üzrə artıq 389 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 299-u qazi, qalanları şəhid ailəsi üzvləridir.
Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə layihə çərçivəsində işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq və özləri haqqında məlumatları qeyd edərək müraciət edə bilərlər.
Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!