Rusiya prezidenti faydalı qazıntıların hasilatı vergisinin artırılacağını bildirib

2021.08.10 14:03 (UTC+04:00)

Prezident Vladimir Putin inşaat məhsulları zavodunun işçiləri ilə söhbəti zamanı bildirib ki, 2022-ci ildən faydalı qazıntıların hasilatı vergisinin artırılması nəzərdə tutulur. Onun sözlərinə görə, vergi metallurgiya sənayesini əhatə edəcək.

İyulun əvvəlində iqtisadi inkişaf naziri Maksim Reşetnikov bəyan etmişdi ki, metallurgiya şirkətləri ilə bağlı vergi qanunvericiliyi metallar üçün ixrac rüsumları həll ediləndən sonra tamamlana bilər.

Qeyd edək ki, iyun ayının 25-də Rusiya hökuməti qara və əlvan metalların Avrasiya İqtisadi İttifaqı hüdudlarından kənara ixracı üçün bu il 1 avqustdan 31 dekabra qədər dövr üzrə müvəqqəti rüsumların tətbiqi ilə bağlı qərarı təsdiqləmişdi. Hökumətin açıqlamasına görə, belə bir addımın atılmasında başlıca məqsəd daxili bazarda metal məhsulların qiymət artımını nəzarətdə saxlamaqdır.