Gürcüstanda vergilərin ödənilməsi prosesi asanlaşdırılır

2021.08.09 18:18 (UTC+04:00)

Gürcüstanın Maliyyə Nazirliyinin planlaşdırdığı genişmiqyaslı vergi islahatına əsasən, vergiləri ödəmək daha asan olacaq, vergi ödəməyənlərin sayı isə azalacaq.

Bu barədə açıqlama verən maliyyə naziri Laşa Xutsişvili bildirib ki, hazırda vergi administrasiyası çox sadə prinsip – “bir pəncərə” əsasında idarə edilir. “Biz vergilərin tutulması üçün “sıfır pəncərə” layihəsinin həyata keçirilməsi üzərində iş aparırıq. Bu layihə gəlirlər haqqında bəyannamə verilməsinin tam avtomatlaşdırılmasını nəzərdə tutur”.
Nazir qeyd edib ki, tam avtomatlaşdırma biznes qurumunun hesabına daxil olan məbləğlərin avtomatik bəyan edilməsi deməkdir: “Biznes transaksiyası üzrə məbləğin köçürülməsi zamanı həmin məbləğin bəyan edilməsi və müvafiq verginin ödənişi avtomatik baş verəcək və bununla da Gürcüstanda bəyannamənin doldurulması və verginin ödənilməsi kimi adi prosedurlar aradan qalxmış olacaq”.