2018-ci il yanvarın 1-dən, statusundan asılı olmayaraq, bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilir. Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin məlumatına görə, bu sistemin tətbiqinə başlanılan dövrdən indiyədək 98.876 vergi ödəyicisi tərəfindən 15.018.890 elektron qaimə-faktura təqdim edilib və əməliyyatların dəyəri 77 milyard manatdan artıq olub.
Elektron qaimə-faktura "Onlayn rejimdə" Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən "Asan imza") vasitəsilə elektron qaydada tərtib edilərək və ya "Lazımi proqramlar"dan istifadə olunmaqla "Oflayn" rejimdə tərtib edildikdən və elektron imza (o cümlədən "Asan imza") vasitəsilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir. Sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan alınmalıdır.
Vergi Məcəlləsinin 58.13-ci maddəsinə əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim olunmuş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Ona görə də sahibkarlara öz fəaliyyətləri ilə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamaq üçün mövcud qanunvericiliyin tələblərinə əməl etmək tövsiyə olunur.
Fəxriyyə İKRAMQIZI