Qazaxıstan karbon vergisinə görə ixrac bazarının istiqamətini dəyişə bilər
2021.08.09 13:03 (UTC+04:00)
Avropa İttifaqında (Aİ) karbon vergisinin tətbiqi ilə əlaqədar Qazaxıstan karbohidrogen ixracının istiqamətini dəyişib, Çinə yönəldə bilər. energetika nazirinin müavini Cumabay Karaqayev bildirib ki, karbohidrogenlərə verginin tətbiqinin neft-qaz hasilatı sahəsinə mənfi təsir göstərəcəyini ehtimal etməyə əsas var: “Karbohidrogen xammalının ixracı üçün Aİ-yə alternativ olan Çin və Cənub-Şərqi Asiya ölkələri marşrutları var”. Nazir müavininin sözlərinə görə, hazırda Qazaxıstan nefti əsasən Aİ ölkələrinə ixrac edilir.
Qeyd edək ki, Avropa Komissiyası 2050-ci ilə qədər atmosferə karbon emissiyalarının qarşısının tam alınması üçün Aİ iqtisadiyatının tamamilə yenidən qurulmasını ehtiva edən geniş fəaliyyət planı təklif edib. Planda Aİ-yə idxal edilən dəmir və polad (o cümlədən boru və relslər), alüminium, sement, gübrə və elektrik enerjisi üçün “iqlim” gömrük rüsumlarının müəyyənləşdirilməsi də nəzərdə tutulur. Avropa Komissiyasının planında 2023-cü ildən 2025-ci ilədək olan dövr keçid dövrü hesab edilir. Bu dövrdə faktiki karbon emissiyaları barədə məlumat mübadiləsi ediləcək. Şirkətlər transsərhəd karbon tənzimlənməsi mexanizmi qüvvəyə minəndən sonra - 2026-cı ildən gömrük rüsumu ödənişlərinə başlayacaqlar. Bunun üçün idxalçılar müvafiq karbon şəhadətnamələri alacaqlar.