Vergi qanunvericiliyinin pozulması hansı hallarda vergi ödəyicisinin məsuliyyətini istisna edir?

2021.08.10 10:09 (UTC+04:00)

Vergi Məcəlləsinin 55.2-ci maddəsinə əsasən, bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır.

Vergi Məcəlləsinin 55.1.6-cı maddəsində göstərilir ki, vergi ödəyicisi dəqiqləşdirilmiş hesabat verdiyi zaman Vergi Məcəlləsinin 59.1-ci maddəsi üzrə faizlərin ödənilməsini də həyata keçirir.

Məcəllənin 55.1.6-cı maddəsinə əsasən, vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edir.

Misal 1: Vergi ödəyicisi ağır xəstəliyi səbəbindən bəyannaməni vaxtında təqdim edə bilməyib. Bu halda vergi orqanı Vergi Məcəlləsininin 58.1-ci maddəsində nəzərdə tutulan bəyannamənin təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyasını tətbiq etmir.

Misal 2: Vergi ödəyicisi vergi orqanının rəsmi məktubuna əsaslanaraq, 2019-cu ildə əməkhaqqından gəlir vergisi hesablayarkən 4.000 manat vergini dövlət büdcəsinə ödəməyib. Bu halda vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq, verginin hesabatda göstərilən məbləğini verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə 50 faiz həcmində, yəni 2000 manat (4000 x 50% = 2000 manat) maliyyə sanksiyası tətbiq edilməyəcək.

Amma Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə, vergi müəyyən edilmiş müddətdə ödənilmədiyi halda, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisinə vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanacaq.