Yanvar-iyun aylarında Səngəçal terminalı 115 milyon bareldən çox neft və kondensat, o cümlədən 99 milyon barel Bakı-Tbilisi-Ceyhanla (BTC) və təxminən 16 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə (QİBK) ixrac edib.
“BP Azerbaijan” şirkətindən bildirilib ki, altı ayda terminaldan, həmçinin gündəlik orta hesabla 55 milyon standart kubmetr (1 milyard 930 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac olunub.
Birinci yarımildə “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir.
Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.