COVID-19 pasportu və ya immunitet sertifikatının tələb edildiyi iş və xidmət sahələri barədə

2021.08.06 15:57 (UTC+04:00)

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli Qərarına əsasən, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına malik olması tələb edilən iş və xidmət sahələri müəyyənləşdirilib. 1 sentyabr 2021-ci il tarixdən həmin iş və xidmət sahələrində fəaliyyət göstərən hüquqi və ya fiziki şəxlərin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb edilir. Həmin iş və xidmət sahələrinə mülkiyyət formasından asılı olmayaraq, bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, topdan və pərakəndə ticarət, ictimai iaşə, mehmanxana, turizm, nəqliyyat xidmətləri daxil olmaqla ümumilikdə 40-dək fəaliyyət sahəsi aiddir. Həmin fəaliyyət sahələrinin tam siyahısı ilə Nazirlər Kabinetinin müvafiq Qərarının əlavəsində tanış olmaq mümkündür.

Artıq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müvafiq sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin elektron qutularına maarifləndirmə xarakterli bildirişlərin göndərilməsinə başlanılıb. Bildirilir ki, fəaliyyətləri işçilərinin peyvənd olunması (və ya immunitet sertifikatına malik olması) tələb edilən iş və xidmət sahələrinə aid olduğu halda, vergi ödəyiciləri bu məsələlərə xüsusi diqqət yetirməlidir.

Qeyd edək ki, Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.