Altı ayda “Azəri-Çıraq-Günəşli”də hasilat 85 milyon barel olub

2021.08.06 14:50 (UTC+04:00)

Bu ilin altı ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 85 milyon barel, yəni 11 milyon ton olub.

“BP Azerbaijan” şirkətindən bildirilib ki, ikinci rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Yarım ildə AÇG-dən ümumi hasilat – “Çıraq” (30 min), “Mərkəzi Azəri” (111 min), “Qərbi Azəri” (118 min), “Şərqi Azəri” (78 min), “Dərinsulu Günəşli” (88 min) və “Qərbi Çıraq” (43 min) platformalarından birgə gündəlik orta hesabla 468 min barel təşkil edib.

İkinci rübün sonuna AÇG-də ümumilikdə 131 neft hasilat, 44 su və 8 qaz injektor quyusu istismarda olub. Yanvar-iyun aylarında blokda 6 neft hasilat və 3 suvurma quyusu qazılıb.
İlin birinci yarısında AÇG layihəsinə təqribən 266 milyon dollar əməliyyat və 846 milyon dollardan çox əsaslı məsrəflər xərclənib.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz, “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, TPAO 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıb. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.