Donald Tramp vergi bəyannamələrinin ABŞ Konqresinə təqdim edilməməsi üçün məhkəməyə müraciət edib

2021.08.06 12:57 (UTC+04:00)

ABŞ-ın Ədliyyə Nazirliyi sabiq prezident Donald Trampın vergi bəyannamələrinin ABŞ Konqresinin Nümayəndələr Palatasına təhvil verilməsi barədə təlimat verdikdən sonra D.Tramp məhkəməyə müraciət edib. D.Trampın vəkilləri Demokratlar partiyası tərəfindən sabiq prezidentin vergi bəyannamələrinin açıqlanması tələbinin “siyasi intiqam” olduğunu bildirərək federal məhkəmədən sənədlərin açıqlanmasının qarşısının alınmasını xahiş ediblər.

Qeyd edək ki, D.Trampın vergi bəyannamələrinin açıqlanması 2019-cu ildən bəri ABŞ siyasətinin gündəliyindədir. O vaxt Nümayəndələr Palatası komissiyası D.Trampdan vergi bəyannamələrini Konqresə təqdim etməyi tələb etmişdi.

D.Tramp keçmiş ABŞ prezidentlərindən fərqli olaraq vergi bəyannamələrinin ictimaiyyətə açıqlanmasına qarşıdır və bunu özünün Konstitusiya hüquqlarının pozulması cəhdi kimi qiymətləndirir.