Millət vəkili Vüqar Bayramov qeyd edib ki, “Vahid elektron lövhə” vergi sahəsində həyata keçirilən islahatların davamıdır və dünya təcrübəsində tətbiq olunan bu mexnizmin ölkəmizdə gerçəkləşdirilməsi aktual idi: “Dünya təcrübəsində icra olunan bu modelin tətbiqi uzun müddət müzakirə edilən məsələlərdən olub. Vergi ödəyiciləri, xüsusən də əlavə dəyər vergisi ödəyiciləri ödəniş edən zaman artıq ödəmələrin geri qaytarılmasında çətinlik çəkirdilər. Çünki vəsaitlərin geri qaytarılmasında həm prosedurların sayı çox idi, həm də bu prosedurlara əməl etmək üçün xeyli müddət tələb olunurdu. Yeni mexanizm imkan verəcək ki, artıq ödəmə etmiş vergi ödəyicisi elektron qaydada müraciət etsin və müraciəti ilə bağlı işin gedişinin hər mərhələsini izləsin. Bu xidmətin istifadəyə verilməsi ilə vergi ödəyicilərinin əlavə vaxt itkisinin qarşısı alınacaq, zamana və vəsaitə qənaət ediləcək.
“Vahid elektron lövhə”nin tətbiqi ölkəmizin beynəlxalq hesabatlardakı mövqeyinə də müsbət təsir göstərəcək. Beynəlxalq hesabatlarda tez-tez irəli sürülən təkliflərdən biri də “Vahid elektron lövhə”nin tətbiqi idi. Bu mexanimin ölkəmizdə tətbiqi vergi ödəyiciləri ilə vergi xidməti arasındakı münasibətlərin daha da liberallaşmasına və vergi ödəyicilərinin məmnuniyyətinə şərait yaradacaq”.
Qeyd edək ki, “Vahid elektron lövhə” ilə bağlı proseslər bu ardıcıllıqla həyata keçiriləcək:
Vergi ödəyicisi “Asan imza” ilə şəxsi kabinetinə daxil olur və “Onlayn kargüzarlıq” bölümündə artıq ödəmənin geri qaytarılması üçün “Elektron ərizə”ni seçir. “Elektron ərizə”ni qaydalara uyğun tərtib edib Dövlət Vergi Xidmətinin aidiyyəti strukturuna göndərir.
Ərizənin vəziyyəti, hansı mərhələdə olması barədə məlumatlar “Vahid elektron lövhə”də əks olunur. Hər hansı səbəbdən imtina edildikdə və ya vergi ödəyicisinə səyyar vergi yoxlaması açıldıqda “lövhə”də imtina səbəbi və tarixi qeyd edilir. Daha sonra artıq ödənilmiş vəsait vergi öəyicisinin bank hesabına köçürülür. Vəsaitin bank hesabına köçürülməsi barədə məlumat Maliyyə Nazirliyi tərəfindən “Vahid elektron lövhə”yə ötürülür.
Ərizədəki məlumatlar düzgün olduğu halda vergi orqanı tərəfindən rəy hazırlanaraq platforma üzrərindən Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyi rəyə baxaraq müraciəti yerli xəzinədarlıq orqanına icraya yönəldir və bu barədə məlumat “Vahid elektron lövhə”yə ötürülür.