Yarımildə bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin həcmi 93,3 milyard manat olub

2021.08.04 15:17 (UTC+04:00)

Altı ayda rəqəmsal bankçılıq xidmətləri üzrə statistik göstəricilərdə ciddi irəliləyişlər nəzərə çarpır. Belə ki, 2021-ci ilin I yarımili ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 25,5 milyon ədəd, həcmi isə 93,3 milyard manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, aparılan köçürmələrin say üzrə 76 faizi (19,3 milyon ədəd), həcm üzrə isə 70 faizi (64,9 milyard manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb. 2021-ci ilin I yarımili ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 58,5 faiz, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan köçürmələrin həcmi isə 2,4 dəfə artaraq müvafiq olaraq 59 milyard və 1,6 milyard manat olub.