Qaydalara riayət etmək hər birimizin borcudur

2021.08.04 13:21 (UTC+04:00)

Şənlik mərasimlərinin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələri tərəfindən gündəlik monitorinqlər davam etdirilir. Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərindən ibarət monitorinq qrupları tərəfindən indiyədək 1.700-dən çox obyektdə şənlik mərasimlərinə nəzarət həyata keçirilib. Monitorinqlər zamanı bəzi hallarda şənlik mərasimlərinin keçirildiyi məkanlarda sıxlığın normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması, icaze.gov.az portalına məlumatların düzgün daxil edilməməsi, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin olunmaması kimi pozuntular qeydə alınıb. Bununla belə, təhlillər göstərir ki, karantin qaydalarının pozulması hallarında azalma meyilləri müşahidə olunur, əksər şadlıq evlərində qayda və tələblərə əməl edilir, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə artır.

Monitorinqlərdə 208 mindən çox qonağın müvafiq sənədləri araşdırılıb, 1000-ə yaxın iştirakçıda nöqsanlar aşkar edilib. Nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb və Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, şənlik mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub, nümunəvi şənlik mərasimlərində ailə quranlara hədiyyələr təqdim olunub.

Şənlik mərasimləri təşkil edən obyekt sahiblərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, müəyyən edilmiş qayda və tələblər tam əməl edilməli, işçi heyətin vaksinləşməsinə və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsinə xüsusi diqqət yetirilməli, qonaqlar və işçi sayı barədə icaze.gov.az portalında düzgün qeydiyyat aparılmalıdır.