Dövlət Vergi Xidməti: Koronavirus pandemiyası ilə mübarizə sahəsində maarifləndirmə mühüm yer tutur

2021.08.03 20:03 (UTC+04:00)

Koronavirus pandemiyası ilə mübarizə istiqamətində Dövlət Vergi Xidməti tərəfindən görülən tədbirlər arasında maarifləndirmə mühüm yer tutur.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya İdarəsindən bildirilib ki, yeni həyat tərzinə keçidlə bağlı məlumatlandırma və maarifləndirmə işlərinin davamı olaraq Dövlət Vergi Xidməti tərəfindən növbəti videoçarx hazırlanıb.

“Yeni həyat tərzinin tələb etdiyi yeni qaydalara uyğunlaşaq” adlı videoçarxda koronavirus (COVID 19) pandemiyası əleyhinə tədbirlərin əhəmiyyəti vurğulanır, vaksinasiya prosesi barədə tələblər diqqətə çatdırılır və dövlətin müəyyən etdiyi qaydalara riayət etməyin vacibliyi bildirilir.

Qeyd olunub ki, sentyabrın 1-dən dövlət qurumları, tibb və əczaçılıq, elm və təhsil müəssisələri, kommunal, nəqliyyat, logistika, kommunikasiya, sosial, ticarət, iaşə, turizm, maliyyə və bir sıra digər sahələrdə çalışanların ən azı 80 faizi, COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən etibarən isə ikinci doza peyvənd olunmalı və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalıdırlar.