Türkiyənin ixracatı rekord səviyyəyə çatıb

2021.08.04 14:06 (UTC+04:00)

Son 12 ayda Türkiyədən ixrac edilmiş malların dəyəri ölkə tarixində rekord səviyyəyə - 201,5 milyard dollara çatıb.

Türkiyənin ticarət naziri Mehmet Muş açıqlama verərək bildirib ki, 2021-ci ilin ilk yeddi ayında Türkiyədən ixrac edilmiş malların dəyəri 121,4 milyard dollar olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 35 faiz, eləcə də pandemiyadan əvvəli dövrün, 2019-cu ilin yeddi aylıq göstəricisi ilə müqayisədə 16,4 faiz çoxdur.

Türkiyənin xarici ticarət dövriyyəsi hesabat dövrü ərzində 268,2 milyard dollara çatıb, xarici ticarət kəsiri isə 5 faiz azalaraq 25,5 milyard dollara düşüb. İyul ayında Türkiyədən ixrac illik hesabla 10 faiz artaraq 16,4 milyard dollara çatıb. Bu, ölkə tarixində iyul ayında qeydə alınmış ən yüksək ixracat göstəricisidir.