“Korrupsiyaya qarşı mübarizə, maraqların toqquşması və məlumat təhlükəsizliyi məsələləri” mövzusunda təlim

2021.08.03 15:00 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsinin Monitorinq Raundları ilə bağlı tövsiyələrində korrupsiya ilə mübarizə sahəsində maarifləndirmə və tədrisin genişləndirilməsi, təlimlərin keçirilməsi üzrə icraçı strukturlardan biri kimi müəyyən edilib. Bu səbəbdən korrupsiyaya qarşı mübarizə mövzusu Tədris Mərkəzində ümumi təlim prosesinə, elmi araşdırmaların predmetinə daxil edilir, həmçinin bu sahə ilə bağlı vaxtaşırı müxtəlif tədbirlər (dəyirmi masa, elmi seminar və s.) keçirilir.

Dövlət vergi orqanları əməkdaşlarının korrupsiya ilə mübarizə sahəsində maarifləndirilməsi məqsədilə növbəti təlim Tədris Mərkəzinin və “EKVİTA” MMC-nin birgə təşkilatçılığı ilə 3 saylı Ərazi Vergilər İdarəsində keçirilib. Təlimin mövzusu “Korrupsiyaya qarşı mübarizə, maraqların toqquşması və məlumat təhlükəsizliyi məsələləri”nə həsr olunub.

Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov təlim iştirakçılarına ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional tədbirlər və islahatlar barədə ətraflı məlumat verib. Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazım Əliyev və “Ekvita” MMC-nin vergi üzrə partnyoru Şərəf Əsgərova çıxışlarında korrupsiya hüquqpozmaları və bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata göstərdiyi neqativ təsirlər, korrupsiyaya şərait yaradan amillər, maraqlar toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyasının əsas istiqamətləri və s. məsələlərə toxunublar.

İnteraktiv formatda keçirilmiş tədbirin sonunda iştirakçıların sualları təlimçilər tərəfindən ətraflı cavablandırılıb.